| Geriyəi | Mündəricat | Növbəti |
2. Mə`dən; Yə`ni, yerdən çıxan qiymətli şeylər, qızıl, gümüş və sair…
3. Xəzinə; Yerdən, divardan, dağ və ya ağac kimi yerlərdən tapılan qiymətli mallar.
4. Halal malla haram mal qarışarsa, onun xumsunu çıxarmaq lazımdır. (əlbəttə, müəyyən şəraitlə)
5. Döyüş qənimətləri.
6. Üzgüçülük vasitəsilə ələ gətirilən lə`l-cəvahir.
7. Zimmi kafirin müsəlmandan aldığı torpağın pulunda olan xums.
Bütün bu mövzularda olan xums məsələlərini araşdırmaqdan ötrü müctehidlərin bu barədəki nəzərlərindən istifadə edəcəyik. Bizim də müqəllid kimi vəzifəmiz budur ki, hər birimiz təqlid etdiyimiz müctehidin nəzəri əsasında öz xums və zəkatlarımızı hesablayaq.
Mənfəəti tə`rif etməkdən ötrü şər`i kitablara müraciət etmək lazımdır. O cümlədən ayətullah Fazil Lənkərani öz risaləsində yazır:
“Əgər insan ticarətdən, sənətkarlıqdan, yaxud sair qazanc yerlərindən müəyyən qədər qazanc əldə etsə, ...bu halda bu qazanc özünün və ailəsinin illik xərclərindən artıq qalsa, onda (həmin illik xərcdən artıq qalan pulun) xumsunu, yə`ni beşdən birini sonradan deyiləcək göstərişlərə əsasən verməlidir.”[18]
Deməli, mənfəət bilməliyik ki, qazancımız bir illik ailə xərcini ödədikdən sonra artıq qalsın. Həmin artıq qalan pula və ya mala mənfəət deyilir və xums yalnız həmin mənfəətə düşür. Əlbəttə, xumsunu hər vaxt belə bir mənfəət ələ gətirdikdə, həmin an və yaxud gözləyib ilin axırında çıxara bilər. Bir şeyi də yadda saxlamaq lazımdır ki, mənfəətin haradan gəlməsinin də rolu vardır. Çünki bə`zi mənfəətlər vardır ki, onlara xums düşmür. Məsələn, qızın cehizi, hədiyyə və sair ki, sonradan müfəssəl şəkildə onlara işarə edəcəyik.
Adi halda mənfəət iki yolla - ya ticarət yolu, ya da adi işləmək yolu ilə ola bilər. Bunların hər birisinin də özünəməxsus hesablama tərzi vardır. Mənfəət barəsində aşağıdakı məsələlərə diqqət yetirilməlidir:
“Əgər qənaət etməklə müəyyən bir şey illik xərclərdən artıq qalarsa, (ilin axırında) onun da xumsu verilməlidir.”[19]
“Əgər bir kəsin xərclərini başqaları verirsə, əldə etdiyi bütün malın xumsunu verməlidir. Lakin onun müəyyən miqdarını ziyarətə və sair yerlərə xərcləsə bu vaxt yalnız yerdə qalanının xumsu verilməlidir”[20]
“Tacir, qazanc əldə edən, sənətkar və sair kimi şəxslər işə başladığı vaxtdan bir il keçdikdə, illik xərclərdən artıq qalanın xumsunu verməlidirlər. Lakin peşəsi kəsb və ticarət olmayan bir kəs, təsadüfən müəyyən qədər mənfəət əldə edərsə, ondan bir il keçdikdən sonra illik xərclərindən artıq qalan hissəsinin xumsunu verməlidir.”[21]
“Əgər bir nəfər (illik xərclərindən artıq qalan) malın xumsunu verməsə, hətta sonradan xums vermək niyyətində olsa da o maldan istifadə etməyə şər`i cəhətdən ixtiyarı yoxdur.”[22]
“Əgər birisi bir nəfərlə şərik olsa, beləliklə onlardan biri xumsunu versə, digəri verməsə və sonrakı ildə xumsunu vermədiyi maldan şirkətin sərmayəsi üçün qoysa, heç biri o maldan istifadə edə bilməz.”[23]
Bütün müctehidlərin nəzərlərinə əsasən, bir malın xumsunun verilib-verilməməsində şəkk olunarsa, ondan istifadə etmək olar.
Bütün bu və onlarla xums məsələləri ilə daha yaxından tanış olmaqdan ötrü müctehidlərin “şəriət məsələlərinin izahı” kitablarına müraciət etmək lazımdır.
Bə`ziləri mə`dən və qazıntı işləri ilə məşğul olur. Bu sahənin də özünəməxsus xumsu vardır. Belə şeylərin xumsunu çıxarmaqdan ötrü əvvəlcə bilmək lazımdır ki, yerdən çıxan hansı mə`dən qazıntılarına və hansı miqdara çatdıqda onlara xums düşür:
“Əgər mə`dəndən qızıl, gümüş, bürünc, mis, dəmir, neft, daş kömür, füruzə, əqiq, mineral maddələr, duz və ümumiyyətlə “mə`dən qazıntıları” adlana bilən hər şey əldə olunsa, onlar nisab həddinə (yə`ni, müəyyən olunmuş həddə) çatanda xumsu verilməlidir.”[24]
Diqqət olunmalıdır ki, mə`dən qazıntılarının xumsu xüsusi şəraitlə vacibdir. Yə`ni, xums o vaxt vacib olur ki, bu qazıntılara çəkilən bütün xərclər əvvəlcə ələ gələn dəyərdən çıxılır və yerdə qalan miqdar müəyyən olunmuş həddə çatarsa, onun beşdə biri xums niyyəti ilə çıxarılır. Bu barədə yenə də aşağıdakı məsələlərə diqqət yetirilməlidir:
“Ehtiyata əsasən, mə`dəndən çıxarılan şeylərin nisabı (yə`ni, bütün çəkilən xərcləri çıxdıqdan sonra yerdə qalan miqdar ki, ona xums düşür) 105 gümüş, yaxud 15 qızıl misqal (hər misqal 18 noxud) qədərdir.”
Bu barədə daha çox mə`lumat almaqdan ötrü şəriət məsələlərinin izahlı kitablarına müraciət etmək lazımdır.
Ola bilər ki, hər hansı bir müsəlman hansısa bir yerdən elə bir xəzinə tapsın ki, pul və ya hər hansı qiymətli əşyalardan ibarət olsun. Belə olan halda, həmin müsəlmana vacibdir ki, əgər tapdığı xəzinə sonradan deyiləcək şəraitlə uyğun olarsa, onun xumsunu (beşdə birini) versin. İndi də xəzinənin şər`i tə`rifi və hökmlərinə diqqət yetirək:
“Xəzinə o mala deyilir ki, yerdə, ağacda, dağda, divarda gizlədilmiş olsun və bir kəs də onu tapsın. Elə olmalıdır ki, ona xəzinə deyilsin.”[25]
“Xəzinənin nisabı (yə`ni, xums düşən miqdarı) ehtiyata görə 105 misqal gümüş, yaxud 15 misqal (hər misqal 18 noxud) qızıl olmalıdır. Yə`ni, xəzinədən əldə edilən şeyin qiyməti, onu əldə etmək üçün sərf olunan xərcləri çıxdıqdan sonra 105 misqal gümüş sikkə, yaxud 15 misqal qızıl sikkəyə çatarsa vacib ehtiyata görə xumsu verilməlidir.”
Əgər halal mal haramla qatışarsa, belə ki, onların hər hansı tərəfini (haram və ya halalı) heç bir ünvanla müəyyən etmək mümkün olmazsa, o malın hamısının xumsu çıxarılmalıdır. İndi də bu barədə bir neçə şər`i məsələyə diqqət yetirək:
“Əgər halal mal haram malla ayrıd edilə bilməyəcək bir tərzdə qarışarsa və haram malın sahibi və miqdarı mə`lum olmazsa, bütün malın xumsu verilməlidir. Xumsu verildikdən sonra qalan mal halal olur.”
Qənimət məsələsində xums mə`sum İmamın (ələyhissalam) zamanında vacib olduğuna görə bu barədə bəhs etmirik.
“Əgər suyun dibinə girmək vasitəsilə lə`l, mərcan, yaxud hamısı dənizdən çıxarılan başqa cəvahir – istər göyərənlərdən olsun, istərsə də mə`dən şeylərindən – onlarnı çıxarılmasına sərf edilən xərc çıxıldıqdan sonra qiyməti 18 qızıl noxuda çatarsa xumsu verilməlidir; istər bir dəfəyə, istərsə də bir neçə dəfəyə dəryadan çıxarmış olsun; istər çıxardığı şey bir növdən olsun, istərsə də bir neçə növdən. Lakin əgər onu bir neçə nəfər birlikdə çıxartmış olsalar, onda hər hansının payı 18 qızıl noxuda çatsa, o, xumsunu verməlidir.”[26]
Zimmi kafirdən məqsəd müsəlman hökumətində yaşayan kafirdir. Bə`zən həmin kafir, müsəlmandan torpaq alır və ondan öz yaşayışında istifadə edir. Belə olan halda həmin kafirə vacibdir ki, torpağı alarkən onun xumsunu da versin. Bu xums torpaq alınıb satılarkən müsəlmanla kafir arasında həll olunmalıdır. Bu barədə şər`i hökm belədir:
“Əgər zimmi kafir müsəlmandan müəyyən qədər torpaq alarsa, onun xumsunu həmin torpaqdan verməlidir. Əgər onun xumsunun pulunu da versə, eybi yoxdur.”
Bura kimi xülasə də olsa, hansı şeylərə xums düşməsi barəsində bəhs etdik. Hər bir müsəlmana bu yeddi qism xums düşən şeyləri yaxşı yadda saxlamaq və öz şər`i vəzifəsinə əməl edib onun xumsunu vermək vacibdir. Amma bunların hansının ona aidiyyatı olmazsa onun müqabilində heç bir vəzifəsi və məsuliyyəti yoxdur.
Bütün bunlardan sonra hər bir müsəlman bilməlidir ki, bə`zi şeylər onun illik mənfəəti hesab olunsa da, şəriətdə onlara xums düşmür. Bunları bilməklə biz öz xums hesabımızı daha yaxşı hesablaya bilərik. Beləliklə, hansı şeylərə xums düşmür?
Ola bilsin ki, kiməsə dostları və ya qohumları tərəfindən bir qiymətli hədiyyə verilsin. Bu zaman, sonradan deyiləcək müəyyən şəraitə uyğun olarsa, ona xums düşmür. Bu barədə şəriətin hökmü belədir:
“Əgər hədiyyə olunarsa (həmin hədiyyənin qiyməti şəxsin illik xərclərindən artıq olmazsa) onun xumsu yoxdur. Amma hədiyyənin qiyməti şəxsin illik xərcindən artıq olarsa ehtiyat odur ki, artıq qalanın xumsu verilsin.”
Hamıya mə`lumdur ki, çoxları qız köçürərkən onun cehizini birdəfəlik ala bilmir, il boyu yavaş-yavaş, əlinə pul gəldikcə qızına cehiz yığır. Bütün bu əşyalar da qız ailə həyatı qurana qədər illərlə istifadəsiz qalır. Belə olan halda sual çıxır ki, bu istifadəsiz qalan və mənfəət hesab olunan cehiz mallarına xums düşür, ya yox? Məsələnin cavabı budur:
“Əgər insan birdəfəlik qızına cehiz ala bilmirsə və məcbur olsa ki, hər il bir şey alıb atsın, belə ki, əgər cehiz almasa cəmiyyətdə eyib sayılarsa və aldığı şeyin pulu il arasındakı mənfəətindən olarsa, onun xumsu yoxdur.”[27]
“Həmçinin, əgər il arasında cehiz almaqdan ötrü pul yığıb ilin axırında cehiz alsa da o pulun xumsu yoxdur.”[28]
İnsana yetişən irs neçə cür ola bilər. Əgər irs qoyub gedən şəxsin malında xumsun olub-olmaması dəqiq bilinməzsə onun xumsu yoxdur. Amma əgər dəqiq bilsək ki, yerdə qalmış irsin xumsu var, onda onun xumsu verilməlidir. Bu barədə şər`i hökm belədir:
“İnsana çatan irsin xumsu yoxdur. Lakin, əgər insanın uzaq qohumu olsa və bilməsə ki, belə bir qohumu var, ehtiyat vacibə görə ondan çatan irsin illik xərcindən artığının xumsu verilsin.”[29]
“Əgər insana xums çatsa və dəqiq bilsə ki, ona çatan bu malın xumsu verilməyib, o malın xumsu verilməlidir.”[30]
“Qadının aldığı mehriyyənin xumsu yoxdur”[31]
“Qadınların bəzək və zinət kimi istifadə etdikləri əşyaların xumsu yoxdur. Lakin əgər onların zinətlənmək vaxtı keçərsə və o əşyalar qalarsa, onların xumsu verilməlidir.”[32]
“Fəqirin xums, zəkat və sədəqə ünvanı ilə aldığı mal illik xərcindən çox olsa da xumsu vacib deyil.”
İnsanın həyatda ehtiyacı olan şeylər vardır ki, onlara xums düşmür. Yə`ni onlara xərc çəkərkən əvvəlcə o pulun xumsunu çıxarmağa ehtiyac yoxdur. Onlar aşağıdakılardan ibarətdir:
1. İşləmək və mənfəət ələ gətirməkdən ötrü çəkilən xərclər.
2. Həyatda özünün və ailəsinin ehtiyacı olduğu şeyləri tə`min etməkdən ötrü, o cümlədən, yemək, içmək, geyim, məskən, dərman, minik, mənzil əşyaları (qab-qacaq, fərş və sair), iş vəsilələri və kitab kimi şeylər.
3. Ziyarətlər, sədəqələr, hədiyyələr, qonaqlıq, başqasının hüquqlarını vermək, boynuna aldığı borclar, o cümlədən, nəzirlər, kəffarələr, tələf olmuş əşyaların qəramətləri və qan bahaları.
4. Öz övladlarının evləndirmək və toy xərcləri.[33]
Bütün bu xərclər əgər hər kəsin ictimai mövqeiyyəti və şə`nində olarsa, xumsu yoxdur. Lakin israf hesab olunarsa, xərc etdiyi pulun əvvəlcə xumsunu verməlidir.
İndi də baxaq görək xums hansı yolla hesablanmalıdır? Həmçinin, xums ildə neçə dəfə vacib olur? Bu sualların cavabını bilməkdən ötrü aşağıdakı mətləbə diqqət etmək lazımdır.
Əvvəla, xums hər bir müsəlmana söylənilən şəraitlə ildə bir dəfə vacib olur. Yə`ni, insan ilin axırında bütün mal-dövlətin nəzərində canlandırır və hansına xums düşüb-düşməməsini araşdırır. Bundan sonra xums düşən malların xumsunu (beşdə bir hissəsini) ayırıb təqlid etdiyi müctehidin özünə və ya onun səlahiyyətli nümayəndəsinə təhvil verir. Bütün mallarının bu minvalla xumsunu çıxardıqdan sonra, yüz il keçsə də birdəfəlik xumsunu çıxardığı mallara xums düşmür. Növbəti ildə müəyyən olunmuş gündə yenə də bütün mallarını nəzərindən keçirir. Bu dəfə keçən il xumsunu ayırdığı malları bütün malının cəmindən azaldır (çünki artıq o mallara ömür boyu xums düşmür) və yerdə qalan artmış təzə pul və ya mallarının xumsunu xums niyyəti ilə ayırır. Beləliklə, hər il müəyyən bir günü (hicri və ya şəmsi tarixi ilə) məsələn, fitr bayramı gününü özümüzə xums ili tə`yin edib, bu minvalla ömür boyu Allahın vacib etdiyi borc və imtahanı veririk. Yenə xatırladırıq ki, xums ildə bir dəfə, lakin hər ildə illik xərcdən artıq qalan, təzə və xumsunu vermədiyimiz mal və pullardan ötrü hesablanılır. Nümunə üçün daha aydın bir misal gətiririk.
Xumsunu vermək istəyən müsəlman əvvəlcə özünə ilbaşı tə`yin etməlidir. Niyyət etməlidir ki, mən ilin filan günündə illik xərcimdən artıq qalan və xums düşən mal və pullarımın xumsunu çıxaracağam. Həmin gün xums çıxarmaq istəyən müsəlmanın vəzifəsi budur ki, əvvəlcə bütün mal-dövlətini öz nəzərində canlandırsın (məsələn, fərz olunur ki, ilk dəfə olaraq xums çıxarır). Fərz edirəm ki, mənim bütün varım-yoxum aşağadakılardan ibarətdir:
1.Bir yaşayış evi;
2. Bir minik maşını və ya motoskilet;
3. Beş hektar əkin yeri və onu əkib-suvarmaq üçün lazım olan əşyalar;
4. Övladlarımın toy şənliyindən ötrü bir milyon manat pul;
5. Qızımdan ötrü bir miqdar cehiz əşyaları və ya oğluma bir az pul;
6. Bir milyon manat həcc ziyarətinə getməkdən ötrü pul;
7. Özümüzün ehtiyacımıza görə bir baş inək və on ədəd qoyun;
8. Həyat yoldaşıma zinət üçün aldığım bir milyon manatlıq qızıl;
9. Bir milyon manatlıq irs;
10. Beş milyon manatlıq dəyərində bir parça torpaq hədiyyəsi;
11. İlin axırında evdə artıq qalmış bir miqdar meyvə və yeməkdən ötrü lazım olan əşyalar;
Bütün bunları nəzərə aldıqdan sonra hər birinin qiymətini də ələ gətiririk. Daha sonra təqlid etdiyimiz müctehidin nəzərinə əsasən hansılara xums düşürsə, onların xumsunu ayırırıq və bununla da birdəfəlik xums düşən mal-dövlətin xumsunu çıxarır və bu xüsusda Allah dərgahında günahsız oluruq. Artıq bundan sonrakı illərdə xumsunu çıxardığımız malların heç birinə ömür boyu xums düşmür. Lakin illik xərclərdən artıq qalan təzə gəlir və mənfəətlərə hər ildə xums düşür. Bu minvalla ömür boyu Allahın vacib buyurduğu bu göstərişə əməl edib üzüağ oluruq.
İndi də bir neçə müctehidin nəzərində yuxarıdakı məsələlərin hansına xums düşməsini diqqətinizə çatdırırıq:
Ayətullah-üzma Xomeyni:
1-ci. Xumsu yoxdur.
2-ci. Xumsu yoxdur.
3-cü.Xumsu var.
4-cü. Əgər illik xərcdən artıq qalan mənfəətdən olarsa xumsu var.
5-ci. Xumsu yoxdur.
6-cı.Əgər həcc o şəxsə vacib olubsa, yə`ni, müstəti` olubsa o pulun xumsu yoxdur. Əgər həcc ona vacib olmayıbsa, xumsu verməlidir.
7-ci. Xumsu var.
8-ci. Xumsu yoxdur.
9-cu. Xumsu yoxdur. Lakin əgər yəqin bilsə ki, o malın xumsu verilməyib xumsu vacibdir.
10-cu. Xumsu yoxdur.
11-ci. Xumsu var.
Ayətullah-üzma Fazil Lənkərani:
1-ci. Xumsu yoxdur.
2-ci. Xumsu yoxdur.
3-cü. Xumsu var.
4-cü. Xumsu yoxdur.
5-ci. Xumsu yoxdur.
6-cı. Xumsu var.
7-ci. Xumsu yoxdur.
8-ci. Xumsu yoxdur.
9-cu. Xumsu yoxdur.
10-cu. Ehtiyat vacib xumsu var.
11-ci. Xumsu var.
Xums bəhsimizin sonunda əvvəlki bəhslərdə işarə etdiyimiz mövzuya yenə də işarə etmək istərdik. Bəli, Allah-taalanın heç bir şeyə ehtiyacı yoxdur, amma Allah insanları malları, canları və övladları ilə imtahana çəkir ki, hər kəs öz imanının dərəcəsini bilsin. Bu qismətdə insanın öz şər`i vəzifəsini yerinə yetirməsindən ötrü bir neçə Qur`an ayələrini diqqətə çatdırmaq yerinə düşərdi. Bildiyiniz kimi dünya malı çoxlarına şirin gəlir. Ona görə də bu cür məsələlərdən söz düşən kimi ilk növbədə şeytan insana vəsvəsə edib bütün bu deyilənlərin heç birisinə qulaq asmamağı insana təlqin edir. Belə bir vəsvəsənin müqabilində yalnız Allahdan qorxanlar və Qiyamət gününü yada salanlar dayana bilər. Bir şeyi də qeyd etmək lazımdır ki, şeytanın belə yerlərdə insana vəsvəsə etdiyi ilk şey odur ki, əgər xums və ya zəkat versən, mal-dövlətin qurtarar. Halbuki əvvəlki bəhslərdə işarə olunduğu kimi ildə bir dəfə xumsunu verməyən şəxs bə`zən ildə ondan on qat artıq mal-dövlətini xəstəxanalarda və ya müxtəlif xoşagəlməz hadisə və xəsarətlərdə sərf edir. İndi isə aşağıdakı ayələrə diqqət yetirək:
| Geriyəi | Mündəricat | Növbəti |